Bakı qəsəbələrində hablar yaradılacaq

Bakı qəsəbələrində hablar yaradılacaq

İlham Əliyev məmura yenə xəbərdarlıq etdi: "Heç kim gündə 8 saatdan artıq işləməməlidir"

"Mən bu yaxınlarda bildirdim ki, heç kim gündə 8 saatdan artıq işləməməlidir. Əgər kimsə işçiləri qanunsuz işlədirsə, istismar edirsə, cəzasını alacaq".  Azərbaycan prezidenti İlham Əliyev Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli ilə söhbətində bir daha bu məsələyə toxunub. 

O qeyd edib ki, daha vacib məsələ təhlükəsizlikdir, sürücülərin hazırlanmasıdır, onların tibbi müayinəsi və iş qrafikidir. "Əminəm ki, Bakı Nəqliyyat Agentliyində çalışan sürücülər bu meyarlara riayət edirlər. İnsanların rahatlığı da vacib məsələdir".

Prezidentin sözlərinə görə, elə bir avtobus xidməti olmalıdır ki, hətta şəxsi nəqliyyat vasitəsi olan insanlar da şəhər nəqliyyatı ilə hərəkət etməyə üstünlük versinlər. Hesab edirəm ki, biz bu hədəfə yaxınlaşırıq. Əlbəttə, növbəti illərdə avtobus parkının təzələnməsi istiqamətində əlavə tədbirlər görüləcək və eyni zamanda, şadam ki, hazırda ölkəmizə gətirilən yeni avtobuslar ekoloji cəhətdən çox təmizdir. Çünki sirr deyil ki, havanı ən çox çirkləndirən nəqliyyat vasitələridir. Sənaye müəssisələri, ticarət obyektləri deyil, - bunun statistikası var, - nəqliyyat vasitələridir. Ona görə həm iki ildən sonra Azərbaycanda istehsal olunacaq “Avro-5” markalı benzinin bazara daxil olması bu sahədə çox böyük irəliləyişə səbəb olacaq, eyni zamanda, sıxılmış qazla və elektrik enerjisi ilə işləyən avtobusların ölkəmizə gətirilməsi, bunun üçün müvafiq infrastrukturun yaradılması zəruridir". 

Prezident söhbət zamanı şəhərin qəsəbələrindəki vəziyyətlə də maraqlanıb. "Qəsəbələrdə avtobus nəqliyyatı ilə bağlı hər hansı bir problem varmı? Varsa, onların həlli üçün nə etmək lazımdır?"

Vüsal Kərimli bildirib ki, son zamanlar qəsəbələrdə bəzi evlərin yollara yaxın tikilməsi yol infrastrukturunda bir az çətinliklər yaradıb. Bu ilin doqquzuncu ayından sonra qəsəbələri onların yol ölçülərinə, dönmə dərəcələrinə görə mərhələli şəkildə avtobuslarla təmin ediləcək. "Çünki 12 metrlik avtobuslar bəzi qəsəbələrin yollarında hərəkət edə bilmir. Sizin tapşırığınıza əsasən bu il alınacaq 415 avtobusdan 115-i artıq sifariş edilib, 300-ü isə tenderə çıxarılacaq. Orada biz 8 və 9 metrlik avtobuslar da nəzərdə tutmuşuq ki, qəsəbələrətrafı və qəsəbələrdaxili hərəkət üçün daha təhlükəsiz, onların yoluna uyğun olsun. Eyni zamanda, mart ayında daşıyıcılar tərəfindən də 50-yə yaxın avtobusun gətiriləcəyi gözlənilir. Bu avtobusların qəsəbələr istiqamətində xətlərə buraxılması nəzərdə tutulur.

Biz qəsəbələrdə əsasən kiçik hablar yaratmaq istəyirik. Bu kiçik habları Siz qeyd etdiyiniz kimi, dairəvi dəmir yolunun ətrafında yaratmaq istəyirik ki, bir-biri ilə əlaqəli olsun. Vətəndaş haba gələndən sonra şəhərə istəsə dəmir yolu ilə, istəsə də avtobusla gedə biləcək".

 

istipress.

 

19.02.2020 18:12 | 537 dəfə baxılıb