Azərbaycanın daha bir universitetində "Smart tələbə kart"ları veriləcək

Azərbaycanın daha bir universitetində "Smart tələbə kart"ları veriləcək

Yaxın vaxtlarda Azərbaycanın daha bir universitetində təhsil alan tələbələrə "Smart tələbə kart"larının verilməsinə başlanılacaq.

Bunu "APA-Economics"ə Azərbaycan Mərkəzi Bankının (AMB) Ödəniş sistemləri və hesablaşmalar departamentinin Milli ödəniş sisteminin inkişafı şöbəsinin rəisi Ramil Mahmudov deyib.

Onun sözlərinə görə, bununla bağlı rəsmi təqdimatın təşkil olunacağı gözlənilir.

 

"Məqsədimiz ölkə üzrə bütün tələbələri bu kartlarla təmin etməkdir. Potensial olaraq söhbət təxminən 250 minə yaxın kartdan gedir. Hazırda bu layihənin icrası ilə bağlı ölkənin dörd ali təhsil müəssisəsi ilə əməkdaşlığa dair müzakirələr aparılır. Həmçinin biz bu sahədə Təhsil Nazirliyi ilə əməkdaşlıq edirik. Bundan başqa, Azərbaycanın bir neçə aparıcı bankı artıq bu layihənin icrası ilə maraqlanır. Bu banklar müştəriləri olan universitetlərlə aktiv iş aparırlar və yəqin ki, yaxın vaxtda onlar tərəfindən də kartların tələbələrə verilməsinə başlanacaq", - deyə R. Mahmudov qeyd edib.

Qeyd edək ki, "Smart tələbə kartı" vasitəsilə tələbələr təqaüdlərinin alıb, ölkə daxilində və xaricdə həmin kartlarla istənilən ödənişləri həyata keçirə biləcəklər. Gələcəkdə smart tələbə kartının əhatə imkanlarının daha da genişlənməsi, ictimai nəqliyyatda, tələbələr üçün xüsusi endirim kampaniyalarında və digər xidmət sahələrində istifadə olunması nəzərdə tutulur. Eyni zamanda regionda yaşayan valideynlər övladlarına rahatlıqla maliyyə vəsaiti göndərə biləcək.

Xatırladaq ki, "Smart tələbə kartı" layihəsinə ötən ilin noyabr ayından Azərbaycan Təhsil Nazirliyi, Azərbaycan Mərkəzi Bankı və Dövlət İqtisad Universitetinin (UNEC) təşəbbüsü ilə start verilib.

13.02.2020 01:39 | 111 dəfə baxılıb