"Bakı Metropoliteni" koronavirusla bağlı tədbirlər görür

"Bakı Metropoliteni" koronavirusla bağlı tədbirlər görür

Çində yayılmış koronavirusla əlaqədar ("2019-nCoV") "Bakı Metropoliteni" QSC-də  mövcud vəziyyətin nəzarət altında saxlanılması, işçi personalının maarifləndirilməsi ilə bağlı aidiyyəti struktur vahidlərinə müvafiq tapşırıqlar verilib.

“Report” xəbər verir ki, bu barədə qurumun açıqlamasında bildirilir. 

"Zərurət yaranacağı təqdirdə bütün müvafiq tədbirlərin görülməsi, profilaktik işlərin həyata keçirilməsi istisna edilmir. 

Bakı metrosunda sanitar-gigiyenik normaların tələblərinə əməl olunmasına xüsusi diqqət yetirilir. Paytaxtın ən mühüm ictimai sərnişindaşıma nəqliyyatı növlərindən biri kimi, əsasən, yeraltı tunellərdən ibarət olması nəzərə alınaraq, Bakı metropolitenində sanitar-gigiyenik normaların tələblərinə uyğun planlaşdırılmış dezinfeksiya işlərinin və digər müvafiq tədbirlərin aparılmasına da ciddi riayət olunur. Ümumən, "Bakı Metropoliteni"nin obyektlərində, o cümlədən stansiyalarda, tunellərdə, elektrik deposunda və qatarlarda, habelə iş yerlərində lazım olan bütün profilaktik sanitariya tədbirləri müntəzəm yerinə yetirilir. Bundan savayı, görülən işlərə nəzarət olunur, daimi monitorinqlər aparılır, zərurətdən asılı olaraq, digər profilaktik tədbirlər həyata keçirilir.

Sərnişinlərə bir daha müraciət edərək metropolitendə sanitar-gigiyenik normaların tələblərinə əməl etmələrinə, stansiya və qatarlarda təmizliyə riayət olunmasına, ələlxüsus qida və yeyinti məhsullarının, xüsusən saqqız və s. bu kimi fəal və dayanıqlı virus daşıyıcılarını döşəmələrə atmamağı, divarlara, qapılara, şüşə çərçivələrinə, oturacaqlara, tutacaqlara yapışdılmamağə və digər belə hallara yol verməməyi tövsiyə edirik. Çünki sanitar-gigiyenik normalara əməl olunması hər bir sərnişinin sağlamlğının təməli kimi xəstəliklərin yayılmasının qarşısının alınması, ətraf mühitin mühafizəsi, həmçinin metropolitendə təmizliyin qorunması baxımından vacibdir", - səhmdar cəmiyyəti bəyan edib. 

29.01.2020 22:20 | 150 dəfə baxılıb