Abşeron dairəvi dəmir yolunda 17 stansiya və dayanacaqdan 15-i tam hazırdır

Abşeron dairəvi dəmir yolunda 17 stansiya və dayanacaqdan 15-i tam hazırdır

15 avtomobil tuneli layihələndirilib

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində 2019-cu ilin yekunlarına həsr olunmuş kollegiya iclası keçirilib.

QSC-dən verilən məlumata görə, Cəmiyyətin sədri Cavid Qurbanov ötən il ərzində əldə olunmuş nailiyyətlərdən danışıb. Bildirib ki, ümumilikdə yükdaşıma sahəsində 2018-ci il ilə müqayisədə 9,1% artım qeydə alınıb, bu da məhz qeyri-neft məhsullarının daşınması hesabına əldə olunub.

Sərnişindaşıma sahəsində əldə edilən uğurlara toxunan sədr 2018-ci ildə ölkə daxilində 2 mln 833 min nəfərin dəmir yolundan istifadə etdiyini diqqətə çatdırıb. Ötən il isə bu rəqəm 3 mln 849 min nəfər olub, bu isə 35,8% artım deməkdir.

Bakı-Sumqayıt və Bakı-Pirşağı istiqamətində gün ərzində orta hesabla 15 min sərnişinin daşındığını qeyd edən C.Qurbanov Abşeron dairəvi dəmir yolunda aparılan yenidənqurma işlərinin gedişatı barədə də məlumat verib. Bildirib ki, bu marşrut üzrə 17 stansiya və dayanacaqdan 15-i tam hazırdır. Digərlərində isə tamamlama işləri gedir. Dəmir yolunun avtomobil yolu ilə eyni səviyyədə kəsişmələrində hərəkətin təhlükəsizliyinin təmin edilməsi üçün 15 avtomobil tuneli layihələndirilib. Onlardan 8-i tamamlanaraq istismara verilib, 7 tuneldə isə tikinti-quraşdırma işləri davam etdirilir.

O qeyd edib ki, hazırda dəmir yolunda 18 min 170 nəfər çalışır. Ötən il 1046 nəfər işə qəbul olunub. İşə qəbul prosesi tam elektronlaşdırılıb. 2015-ci illə müqayisədə əməkhaqqı 103% artırılaraq 270 manatdan 549 manata qaldırılıb.

Sonra qurumun ayrı-ayrı struktur və idarə rəhbərləri görülən işlər barədə məlumat veriblər və müəyyən məsələlərlə bağlı təkliflərini səsləndiriblər. 

Kollegiya iclasında cari məsələlər müzakirə edilib, qurumun QSC-nin struktur bölmələrinə tapşırıqlar verilib.

16.01.2020 20:16 | 375 dəfə baxılıb