Dizel 90 qəpiyədək bahalaşa bilər

Dizel 90 qəpiyədək bahalaşa bilər

 

Azərbaycanda 2014-cü ilin yanvar ayında sonuncu dəfə Nazirlər Kabinetinin qərarına əsasən “Avro 4” standartına keçid edilmişdi. Artıq cari ilin əvvəlindən isə Azərbaycanda “Avro 5” standartında dizelin satışını həyata keçirməyə hazırlaşır. Bununla bağlı energetika sahəsini əhatə edən rəsmlər bir neçə mühüm açıqlamalar veriblər.  SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov deyib ki, Heydər Əliyev adına Neft Emalı Zavodunda (NEZ) yenidənqurma layihəsi çərçivəsində 2021-2022-ci illərdə Azərbaycanda “Avro-5” istehsalına cavab verən dizel və benzin yanacağının istehsalı nəzərdə tutulub. 2024-2025-ci illərdə isə istehsalat həcminin 7,5 milyon tona qədər artırılması planlaşdırılır. Lakin, Dövlət Neft Şitkətinin 2018-ci ilin noyabrdakı açıqlamasında isə 3 mərhələni əhatə etməklə 2021-ci ildən artıq tam güclə “Avro 5” standartında dizel və benzinin istehsalının hazırlanacağını bildirmişdilər. Digər bir tərəfdən isə qonşu Gürcüstan yalnız “Avro 5” dizellərin (baxmayaraq ki, bir qisim rəsmlər və QHT-ləri bunun ölkənin biznesinə zərər vuracağını iddia edirlər) idxalında maraqlıdır, bu da SOCAR-ı “Avro 4”dənsə “Avro 5” istehsal edib satılmasında daha maraqlı edir.

 

“Avro 5”in istehsalı və satışa çıxarılmasından sonra əhalini ən çox düşündürəcək bir sual var, o da dizelin qiymətindəki dəyişmə mümkünlüyüdür. Energetika sahəsi üzrə ekspert İlham Şaban Banker.az-a açıqlamasında bildirir ki, bu keçiddən sonra dizelin qiymətindəki artım olacaq: “Əlbəttə! Çünki H.Əliyev adına zavodun [NEZ] yenidənqurulmasına təqribən 5 mlrd manatdan çox kapital qoyuluşu planlaşdırılır. Bu vəsaiti nəyin hesabına ödəyəcək SOCAR?”

 

Ekspert deyir ki, 2020-2030-cu illərdə inkişaf etmiş ölkələr öz istehlak bazarlarında dizel yanacağının məhdudlaşdırılması və onun nəqliyyatda istifadəsninin ümumiyyətlə qadağan edilməsi ilə bağlı hüquqi aktlar və qanunlar qəbul edirlər: “Bu baxımdan Azərbaycan bazarında yanacağın istehlak balansı ilə bağlı hökumətimizin planı açıqlanmalıydı yaxın 10 il üçün. Buna müvafiq qərarlar da verilməliydi. Hazırda 1 qərar mövcuddur: Nazirlər Kabinetinin 73 saylı qərarı: 01.01.2022 tarixindən ictimai nəqliyyat tam olaraq Sıxılmış Təbii Qaza (CNG) keçməlidir.

 

Bu baxımdan çətindir demək: hökumətin hədəfi nədir? Dünyada yeni dizel avromobilləri harda istehsal edilməsindən asılı olmayaraq benzin avtomobillərindən 15-20% bahadır. Ona görə də Azərbaycan bazarında yeni dizel avtomobilləri (Avro-5 və 6 standartlı) həddən artıq azdır. Bizim bazar 10 il və daha çox yaşı olan dizel avtomobillərin XLAM bazarından başqa bir şey deyil. Avtomobillərin yanacaq-mühərrik sistemində daim nasazlıq müşahidə olunduğundan yanma tam getmir və atmosfer normadan dəfələrlə artıq zəhərlənir. Yəni köhnə avtomobilə 2021-ci ildən başlayaraq yaxşı keyfiyyətdə dizel tökməyin mənası nə? Özü də daha baha qiymətə.. Qiymətə gəldikdə isə.. dünya təcrübəsi var. EuroDiesel ilə “Aİ-93” demək olar ki, eyni qiymət diapazonundadır. Bəzən dizel daha baha satılır. Ona görə də Əgər “AI-93” 1 manata satıla bilərsə, dizel də 90 qəpik olar yəqin. Gürcüstan bazarında EuroDiesel çox bahadır.”

 

Dünya dizeli hansı qiymətə satır?

 

Global Petrol Prices-ın 11 noyabr 2019-cu il tarixinə olan araşdırmasına əsasən dünyada ən ucuz neftin qiymətinin olduğu TOP10 ölkələr:

 

Siyahıda göründüyü kimi, son araşdırmalara (11 noyabr 2019-cu il tarixinə) əsasən Azərbaycan dizelin qiymətinə görə dünyada 8-ci ən ucuz və keçmiş Post-Sovet Məkanında isə ən ucuz olduğu ölkə sayılır. Bizə MDB ölkələrindən yalnız Türkmənistan bir qədər bu qiymətdə yaxın sayılır. Yaxın qonşu İranda dizelin 1 litri 0,07 ABŞ dolları,  Gürcüstanda 0,88 dollara, Rusiyada 0,71 dollara, Türkiyədə isə 1,14 dollara ticarət olunur. Lakin, baha olduğu əksər ölkələrdə keyfiyyət də yüksəkdir.

 

Bildiyimiz kimi bir çox ölkələrdə yanacaq sərbəst tariflə, yəni həftə ərzində dəyişə bilir. Bizdə isə bu fəqrlidir. Yəni Tarif Şurası tərəfindən tənzimlənir.

 

Mümkündür ki, Azərbaycan yeni standarta keçid öncəsi və ya keçiddən sonra “ən ucuz dizel ölkələri” siyahısını tərk edə biləcək qərar versin.

 

Azəbaycanda dizelin qiyməti 2013-cü ilə qədər 45 qəpiyə satıldığı halda, həmin tarixdən sonra 15 qəpik artırılmaqla 60 qəpiyə istehlakçılara təqdim olunur.

 

Artım iqtisadiyyatımız üçün nə qədər arzuolunandır?

 

Bildiyimiz kimi ölkədə maye qaz ilə iri həcmli yükdaşıyan avtomobillər o qədər də geniş vüsət almayıb. Ölkə iqtisadiyyatında  dizel yanacağının qiyməti kənd təsərrüfatı daxil olmaqla əksər sektorlarda (zavod, logistika-yükdaşıma) xərci müəyyənləşdirən əsas faktorlardandır.

 

Dizel yanacağının qiymətindəki artım olduğu halda yalnız aqrar məhsullarda deyil, çox fərqli sahələrdə, o cümlədən nəqliyyatda qiymət artımları müşahidə edilə bilər.

 

“Bu, həm daxili bazarda qiymətlərin tənzimlənməsi, həm də qeyri-neft məhsullarının ixracı baxımdan arzuolunan deyil” - bunu iqtisadçı-ekspert Vüqar Bayramov yazılarının birində qeyd etmişdi.

 

“Buna görə də, yanacaq məhsullarının xərclərinin optimallaşdırılması üçün korporativ idarəetmənin təkmilləşdirilməsi daxil olmaqla xərclərin dövlət tərəfindən birbaşa və dolayı balanslaşdırılması yolu ilə qiymət artımlarına getməməyə ehtiyac var”. V.Bayramov qeyd edib ki, istehlak bazarında qiymətlərin tənzimlənməsinin və eləcə də qeyri-neft ixracatının artırılmasının prioritet olduğu bir dövrdə yanacağın qiymətinin artırılmasına ehtiyac hiss edilmir.

 

© Index

19.11.2019 00:07 | 174 dəfə baxılıb