Bizimkilər oxuyanda...

Bizimkilər oxuyanda...

Yerli telekanalların birinə müğənni kimi çağırılan bir nəfərin ifasını diqqətlə dinlədikdən sonra, atam birdən dilləndi ki, "Boyuna buxununa bax, getsə, Qarabağı tək alar, oxuduğu mahnıya bir bax".

Paralel olaraq mən isə rəhmətlik Baba Pünhanın, Mirzə Ələkbər Sabirin satiralarına nəzirə yazdığı şeirini xatırladım:
Sabira, qalma nigaran ki, müsəlman oxumur,
Fələyin çərxi dönüb, indi müsəlman oxuyur.
 
Görünür, Sabirin oxumusanı istədiyi bu millət indi, doğurdan, oxuyur. Amma bu oxumaq Sabirin dediyi oxumaqdan deyil. Adama elə gəlir ki, indi mahnı oxuyanların sayı kitab oxuyanların sayından çoxdur. Əsas dərd odur ki, oxuya bilməyən oxuyur. "Harda aş, orda baş" misalı, peyda olub səsi olmayıb oxuyanlar, belə ulamaqla ciblərini nəyi var doldurmaq həvəsindədirlər. Amma bu sahədə çörəyin bol olmasını görüb, halva-halva deyib ağzını şirin eləmək istəyənlər, millətin hamısını "çörəyi qulağına yeyən" hesab edirlərki? 
 
Düzdür, zaman hamını öz ələyindən keçirir. Yaddaşlarda layiq olanlar qalır, qalmayanlar isə unudulur. Bu tərəfdən məsələyə baxanda insan biraz təsəlli tapır. Ancaq məsələnin ikinci tərəfi bu təsəllinin üstündən xətt çəkir. Bu bayağı oxuyanlar zövq oğruları efirlərdə biraz görünəndən sonra  "Mən xalqa xidmət edirəm" deyib bar-bar bağırıb bizə minnət vururlar. Burda deyirlər, "oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı". Bağrımızı yaran, olmayan səsi və bayağı mahnıları ilə qulağımızı dələnlərə heç "yarımıçıq papaqçı" da deməyə dili gəlmir adamın. 
Halbuki,  Nizami Gəncəvinin nəsihətinə əməl edənlər "kamil bir palançı", yəni bacardıqları iş ilə məşğul olanlar, həqiqətən xalqa xidmət etmiş olanlardır.
 
Akif Əliyev
07.11.2019 23:48 | 158 dəfə baxılıb