Sabunçu rayonunun beş qəsəbəsində içməli su layihələri icra olunur - VİDEO

Sabunçu rayonunda icra olunan layihələr Maştağa, Zabrat, Pirşağı, Nardaran və Bilgəh qəsəbələlərini əhatə etməklə mərhələli şəkildə həyata keçirilir. Ötən müddətdə Pirşağı, Nardaran və Bilgəh qəsəbələrinin içməli su qıtlığının daha çox müşahidə olunduğu ərazilərində yeni mərkəzləşdirilmiş su şəbəkələri yaradılıb. Hazırda  Maştağa və Zabrat qəsəbələrində yeni şəbəkələrin tikintisi   davam etdirilir.

Bu qəsəbələrdə müxtəlif diametrli borularla 11 km paylayıcı su xətlərinin inşası nəzərdə tutulub. Yeni tikilən şəbəkələrdən evlərə birləşmə verilərək sayğaclar quraşdırılır. Tikinti-quraşdırma işlərinin yaxın vaxtlarda  başa çatdırılması nəzərdə tutulur. Yeni su xətləri istismara verildikdən sonra əhali  dayanıqlı və keyfiyyətli  içməli su ilə təmin olunacaq. İlkin mərhələdən bu layihələrdən 5 minədək sakin faydalanacaq. Növbəti mərhələdə Sabunçu rayonunun içməli sudan əziyyət digər yaşayış massivlərində də su şəbəkələrinin tikintisi və genişləndirilməsi işləri həyata keçiriləcək.

Qeyd edək ki, layihələrin əhatə etdiyi ərazilərin əksəriyyətində içməli su təchizatı əhali tərəfindən primitiv qaydada çəkilmiş su xətləri hesabına aparılıb. Bəzi ərazilərdə isə ümumiyyətlə su xətləri olmayıb, əhali içməli suya olan tələbatını quyu suları və maşınla uzaq məsafələrdən daşıyaraq ödəyib.

01.07.2019 21:43 | 107 dəfə baxılıb